ABŞ Prezidenti Donald Tramp Yunanıstandakı səfir Kimberli Qilfoylun vəzifədən uzaqlaşdırılması məsələsini nəzərdən keçirir.

Metbuat.az xəbər verir ki, buna səbəb səfirin bahalı hədiyyələr qəbul etməsi və Senatın təsdiqindən əvvəl administrasiya rəsmilərinə çıxış imkanı yaratmaq müqabilində pul istəməsi ilə bağlı iddialardır.Bildirilir ki, iddialar xüsusilə ABŞ dövlət katibi Marko Rubionun Afinaya səfəri zamanı gündəmə gəldiyindən administrasiyanın yüksək vəzifəli şəxslərini narahat edib.

Trampın keçmiş tərəfdarlarından olan Erik Deters iddia edib ki, Qilfoyl ona mesaj yazaraq "American Express" kartı üzrə borcunu ödəmək üçün 100 min dollar göndərməsini istəyib. Deters həmin vaxt sərbəst vəsaitinin olmadığını əsas gətirərək pulu göndərmədiyini bildirib.

Qeyd edək ki, Donald Tramp məsələ ilə bağlı açıqlamasında Kimberli Qilfoylu açıq şəkildə müdafiə etməyib. O, məsələni eşitdiyini və təfərrüatlardan xəbərdar olmadığını bildirib, səfirin isə hər zaman nəzakətli davrandığını deyib.

Qilfoyl bir müddət Trampın böyük oğlu Donald Tramp Cünyorla nişanlı olub. Onlar ayrıldıqdan sonra o, Yunanıstana səfir təyin edilib.