Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) neft bazarına dair aylıq hesabatına əsasən, Azərbaycanda 2026-cı ilin sentyabr ayında gündəlik xam neft hasilatı avqust ayındakı 442 min barellə müqayisədə 448 min barel təşkil edib.
Metbuat.az xəbər verir ki, beləliklə, ölkədə gündəlik neft hasilatı əvvəlki ayla müqayisədə 1,36% artıb.
Sentyabr ayında hasilatın artması iyul ayında gündəlik 455 min barel təşkil edən neft hasilatının avqustda 442 min barelə qədər azalmasından sonra qeydə alınıb. Həmin azalma 2,8% təşkil edib.
OPEC-in qiymətləndirməsinə görə, Azərbaycanda 2026-cı ilin birinci rübündə orta gündəlik neft hasilatı 454 min barel, ikinci rübdə 456 min barel, üçüncü rübdə isə 449 min barel olub.
Bununla yanaşı, Azərbaycan Dövlət Statistika Komitəsinin son məlumatlarına əsasən, 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 17,692 milyon ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil edilib.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 698,8 min ton və ya 3,8% azalıb.
Ümumi hasilatın 17,648 milyon tonu əmtəəlik neftin payına düşüb. Bu, 2025-ci ilin yanvar-avqust aylarının göstəricisindən 701,1 min ton və ya 3,8% azdır.
Azərbaycan Dövlət Gömrük Komitəsinin son məlumatlarına görə, 2026-cı ilin yanvar-avqust aylarında ölkə 9,282 milyard dollar dəyərində 14,678 milyon ton xam neft və bitumlu süxurlardan alınmış neft məhsulları ixrac edib.
İxracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 886 milyon dollar və ya 10,6% artıb. Bununla belə, ixracın fiziki həcmi 1,247 milyon ton və ya 7,8% azalıb.