Azərbaycanda daşınmaz əmlakın icbari sığortası ilə bağlı hazırlanan yeni qanunvericilik layihəsində sığorta tariflərinin artırılması nəzərdə tutulmur.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov qurumun 2026-cı ilin birinci yarısı üzrə “Maliyyə Sabitliyi Hesabatı” ilə bağlı keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, daşınmaz əmlakın icbari sığortası ilə bağlı qanunvericilik layihəsi aidiyyəti dövlət qurumları ilə birgə hazırlanıb.
Vüsal Qurbanov qeyd edib ki, yeni qanunvericilik layihəsinin əsas məqsədi vətəndaşların sığorta təminatının keyfiyyətinin yüksəldilməsi, hüquqlarının daha dolğun qorunması və sığorta məbləğlərinin mövcud risklərə uyğun, daha adekvat müəyyən edilməsidir.
O bildirib ki, sığorta məbləğlərinin müəyyənləşdirilməsi zamanı müvafiq sığorta tariflərinin düzgün hesablanması da mühüm əhəmiyyət daşıyır.
Bununla belə, baş direktor vurğulayıb ki, hazırlanan qanunvericilik dəyişiklikləri çərçivəsində sığorta tariflərinin artırılması nəzərdə tutulmur.