Azərbaycanda bankların müştərilərə fərqli kredit faizləri təklif etməsi onların risk profili və maliyyə vəziyyəti ilə bağlı ola bilər.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə qurumun 2026-cı ilin birinci yarısı üzrə “Maliyyə Sabitliyi Hesabatı” ilə bağlı keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, kredit faizlərinin müəyyən edilməsi bankların daxili qərarlarından və müştərilərin risk göstəricilərindən asılıdır.

Şahin Mahmudzadə qeyd edib ki, banklar kredit müraciətlərini qiymətləndirərkən şəxsin maliyyə vəziyyətini, fəaliyyət sahəsini və kredit risklərini nəzərə alırlar.

“Bankların bir müştəriyə daha aşağı, digərinə isə daha yüksək faizlə kredit təklif etməsi normal bazar münasibətləridir”, – deyə o, çıxışında izah edib.

Baş direktor vurğulayıb ki, şəxslərin fiziki görünüşünə və ya müəyyən qruplara mənsubiyyətinə görə qəsdən fərqləndirilməsi ilə kredit risklərinə əsaslanan qiymətləndirmə bir-birindən ayrılmalıdır.

Onun sözlərinə görə, müştərinin risk profilinə uyğun faiz dərəcəsinin müəyyən edilməsi bankların kommersiya qərarları çərçivəsində həyata keçirilir.