Azərbaycanda lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı normativ-hüquqi baza hazırda razılaşdırma mərhələsindədir.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə 6 ayın yekunlarına dair hesabatın təqdimatı və mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırlanan qanunvericilik bazasında lombardların fəaliyyətinə dair tələblər, müştərilərin hüquqlarının müdafiəsi və girov qoyulan əmlakın qorunması məsələləri nəzərdə tutulur.
“Bu sektora da tənzimləmə gətiriləcək. Sadəcə, normativ-hüquqi bazanın razılaşdırılması müəyyən vaxt tələb edir”, – deyə o qeyd edib.
Şahin Mahmudzadə bildirib ki, hazırda müvafiq qanunvericilik təşəbbüsü Milli Məclis və aidiyyəti dövlət qurumları ilə müzakirə olunur.
O vurğulayıb ki, yeni qaydalar qəbul edildikdən sonra hazırda fəaliyyət göstərən lombardlara öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırmaq üçün müəyyən vaxt veriləcək.
“Müəyyən edilmiş müddət ərzində yeni tələblərə uyğunlaşmayan subyektlər lombard kimi fəaliyyət göstərə bilməyəcəklər”, – deyə Şahin Mahmudzadə bildirib.