Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 122 milyon manat vəsait daxil olub.
Metbuat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 % çoxdur.
9 ay ərzində qurum 46 hərrac keçirib. Hərraclarda 7 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 804 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bundan başqa, hesabat dövründə Dövlət Xidməti 444-ü qeyri-yaşayış, 3 075-i torpaq sahələri üzrə olmaqla 3 519 yeni icarə müqaviləsi bağlayıb. Bu isə 1 il əvvələ nisbətən 24,5 % çoxdur. Son nəticədə dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə illik müqayisədə 25,5 % çox - 43,3 milyon manat vəsait ödənilib.
Beləliklə, yanvar-sentyabr aylarında özəlləşdirmə və icarədən büdcəyə ümumilikdə 165,3 milyon manat vəsait daxil olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 14,2 % çoxdur.