Qazaxıstan hökuməti əcnəbilərin ölkəyə giriş və qalma qaydalarını yeniləyib. Yeni tələblər Ukrayna vətəndaşlarına da şamil olunacaq.
Metbuat.az xəbər verir ki, bu barədə “Zakon.kz” məlumat yayıb.
Məlumata görə, 2026-cı il noyabrın 1-dən Qazaxıstana giriş üçün elektron icazə sisteminin mərhələli tətbiqinə başlanılacaq. İlkin mərhələdə icazəsi olmayan əcnəbilərin ölkəyə girişinə qadağa qoyulmayacaq, onlara yalnız yeni tələblər barədə məlumat veriləcək.
Elektron icazə daxili işlər orqanları tərəfindən milli təhlükəsizlik orqanları ilə razılaşdırılmaqla rəqəmsal platforma vasitəsilə veriləcək. Xidmət ödənişsiz olacaq.
Nəşrin məlumatına görə, əcnəbilər giriş üçün nəzərdə tutulan tarixdən ən azı 72 saat əvvəl elektron platforma vasitəsilə müraciət etməlidirlər. Müraciət zamanı şəxsiyyətin identifikasiyası və ya autentifikasiyası tələb olunacaq.
Elektron giriş icazəsi 180 təqvim günü müddətinə veriləcək. İcazənin mövcudluğu Qazaxıstan Sərhəd Xidmətinin “Berkut” rəqəmsal sistemi vasitəsilə yoxlanılacaq.