Azərbaycanda 2026–2028-ci illər üçün milli standartlaşdırma proqramı çərçivəsində 4 minə yaxın normativ sənədin hazırlanması nəzərdə tutulur.
Metbuat.az xəbər verir ki, bunu Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş media təlimində Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) baş direktorunun müavini, baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə bildirib.
Onun sözlərinə görə, 2025-ci ilin dekabrında təsdiqlənmiş 2026–2028-ci illər üçün milli standartlaşdırma proqramına cari ilin iyul ayında müvafiq dəyişikliklər edilib.
Kəmalə Məmmədzadə qeyd edib ki, proqram çərçivəsində ətraf mühit, əməyin mühafizəsi və təhlükəsizlik üzrə 532, mexaniki və hidravlik sistemlər və komponentlər üzrə 442, neft və əlaqəli texnologiyalar üzrə 338, tekstil və dəri texnologiyası üzrə isə 333 standartın qəbulu planlaşdırılır. O bildirib ki, ölkədə standartlaşdırma sahəsində fəaliyyət son illərdə əhəmiyyətli dərəcədə genişlənib.
Belə ki, 2021-ci ildə 36, 2022-ci ildə 68, 2023-cü ildə 139, 2024-cü ildə 232, 2025-ci ildə isə 345 yeni dövlət standartı qəbul olunub.
2026-cı ilin yanvar-sentyabr aylarında isə 620 yeni dövlət standartı qəbul edilib. Onlardan 530-dan çoxu istinad standartlarıdır.
Kəmalə Məmmədzadənin sözlərinə görə, cari ilin 9 ayı ərzində mövcud standartların aktuallığının və tətbiqinin səmərəliliyinin müəyyənləşdirilməsi məqsədilə 28 dövlət standartının yoxlanılması həyata keçirilib.
O, ölkədə standartlaşdırma üzrə texniki komitələrin fəaliyyətinə də toxunub.
Bildirib ki, hazırda Azərbaycanda qida və kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, energetika, idarəetmə, neft-qaz, ekologiya və digər sahələri əhatə edən 43 texniki komitə fəaliyyət göstərir.
Bunlardan üçü 2026-cı ildə yaradılıb. Yeni komitələr maşınqayırma, mexaniki və hidravlik sistemlər, məhkəmə ekspertizaları və istehlak malları sahələrini əhatə edir.
Kəmalə Məmmədzadə vurğulayıb ki, bu il Ümumdünya Standartlaşdırma Gününün əsas mövzusu “Sərfəli və təmiz enerji”dir.
Onun sözlərinə görə, AZSTAND tərəfindən enerji resurslarından səmərəli istifadə, istixana qazları emissiyalarının azaldılması, ekoloji məsuliyyətin gücləndirilməsi və yaşıl iqtisadiyyata keçidin dəstəklənməsi istiqamətində beynəlxalq təcrübəyə əsaslanan standartlar qəbul edilib.
Hazırda energetika və ətraf mühit sahələrində 60-dan çox standart qüvvədədir.
Kəmalə Məmmədzadə əlavə edib ki, Azərbaycanın beynəlxalq standartlaşdırma sistemində təmsilçiliyinin genişləndirilməsi də əsas prioritetlərdəndir.
Azərbaycan Standartlaşdırma İnstitutu ölkəni Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO), Avropa Standartlaşdırma Komitəsi (CEN), Beynəlxalq Elektrotexniki Komissiya (IEC), İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) və digər beynəlxalq təşkilatlarda təmsil edir.