Azərbaycanda halal məhsulların ixrac potensialının artırılması məqsədilə beynəlxalq halal standartlarının tətbiqinin genişləndirilməsi planlaşdırılır.
Metbuat.az xəbər verir ki, bunu Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş media təlimində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini İlqar Həsənov bildirib.
Onun sözlərinə görə, dünyada halal məhsullara tələbatın yüksək olması Azərbaycanın bu sahədə ixrac imkanlarını genişləndirməsi üçün əlverişli şərait yaradır.
“Halal məhsullara dünyada tələbat olduqca böyükdür. Biz bundan səmərəli istifadə edərək öz ixrac potensialımızı artıra bilərik”, – deyə o vurğulayıb.
İlqar Həsənov qeyd edib ki, Azərbaycan Standartlaşdırma İnstitutu İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) üzvüdür və bu təşkilat tərəfindən qəbul edilən standartların əksəriyyəti ölkədə dövlət standartları kimi qəbul olunub.
O bildirib ki, növbəti mərhələdə həmin standartların praktik tətbiqinin genişləndirilməsi, istehsal müəssisələrində mövcud proseslərin öyrənilməsi və standartların tətbiqi imkanlarının yerində qiymətləndirilməsi nəzərdə tutulur.
Sədr müavini əlavə edib ki, bu istiqamətdə maarifləndirmə və təşviq tədbirlərinin gücləndirilməsi də planlaşdırılır.
İlqar Həsənov su ehtiyatları ilə bağlı standartlaşdırma məsələsinə də toxunub.
Onun sözlərinə görə, ölkədə qəbul edilmiş su ehtiyatlarının idarə edilməsinə dair strategiya çərçivəsində Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən bir sıra dövlət standartları qəbul olunub, digərlərinin isə hazırlanması və qəbulu planlaşdırılır.