"Azərbaycanda dövlət standartlarının aktuallığı hər 5 ildən bir yoxlanılır və zərurət yarandıqda yenilənir".
Metbuat.az xəbər verir ki, bunu Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş media təlimində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini İlqar Həsənov bildirib.
Onun sözlərinə görə, standartların dövri yoxlanılması müvafiq normativ sənədlərlə tənzimlənir.
“Standartlar hər 5 ildən bir yoxlamadan keçirilir. Bu zaman onların aktuallığını qoruyub-qorumadığı, köhnəlib-köhnəlmədiyi və yeni tələblərə uyğunluğu müəyyən edilir”, – deyə o qeyd edib.
İlqar Həsənov bildirib ki, maraqlı tərəflərin təşəbbüsü və ya standartın yenilənməsinə ehtiyac yarandığı hallarda yoxlama prosesi beşillik müddət tamamlanmadan da həyata keçirilə bilər.
Sədr müavini vurğulayıb ki, hazırda dövlət fondunda mövcud olan standartların aktuallığının təmin edilməsi istiqamətində mütəmadi iş aparılır.
Onun sözlərinə görə, aktuallığını itirmiş standartlar müvafiq texniki komitələrdə müzakirəyə çıxarılır, yenilənir və ya qüvvədən düşməsi ilə bağlı qərarlar qəbul edilir.
İlqar Həsənov əlavə edib ki, görülən işlər nəticəsində dövlət fondundakı standartların böyük hissəsi yenilənib və köhnəlmiş standartların sayı minimuma endirilib.