Hazırda mövcud olan ГОСT standartlarının təxminən 65–70 faizi beynəlxalq standartlara əsaslanır.
Metbuat.az xəbər verir ki, bunu Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş media təlimində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini İlqar Həsənov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda qəbul edilən dövlət standartlarının əksəriyyəti Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) standartları əsasında hazırlanır. Bununla yanaşı, Avropa və MDB çərçivəsində qəbul edilmiş standartlardan da istifadə olunur.
İlqar Həsənov qeyd edib ki, ГОСT standartlarının yalnız sovet dövrünə aid köhnəlmiş sənədlər kimi qəbul edilməsi düzgün deyil:
“ГОСT abreviaturası qorunub saxlanılsa da, bu, həmin standartların mütləq köhnə olması demək deyil. Hazırda mövcud olan ГОСT standartlarının 65–70 faizi beynəlxalq standartlara əsaslanır”, – deyə o vurğulayıb.
Qeyd olunub ki, dövlət standartlarının böyük hissəsi beynəlxalq və regional standartların milli səviyyədə qəbul edilməsi yolu ilə formalaşdırılır.
Onun sözlərinə görə, Azərbaycanın milli standartlarının xarici ölkələrdə geniş tətbiq olunması praktikası müşahidə edilmir. Bunun əsas səbəblərindən biri standartların əksəriyyətinin artıq beynəlxalq və regional səviyyədə hazırlanmasıdır.
İlqar Həsənov Azərbaycan mütəxəssislərinin beynəlxalq standartların hazırlanmasında iştirakının genişləndiyini də diqqətə çatdırıb.
O bildirib ki, hazırda ölkə mütəxəssisləri Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) 107 texniki komitəsinin fəaliyyətində iştirak edirlər.
Sədr müavininin sözlərinə görə, bu prosesə yalnız Azərbaycan Standartlaşdırma İnstitutunun deyil, müxtəlif sahələrdə fəaliyyət göstərən ixtisaslaşmış təşkilatların ekspertləri də qoşulurlar.
“Azərbaycanlı mütəxəssislərin beynəlxalq standartların hazırlanmasında iştirakı formal xarakter daşımır. Onlar öz təcrübələri və təklifləri ilə standartların təkmilləşdirilməsinə töhfə verirlər”, – deyə İlqar Həsənov bildirib.
O, xüsusilə qiymətli metallar və qiymətli daşlar sahəsində fəaliyyət göstərən texniki komitənin aktivliyini qeyd edib.
İlqar Həsənov əlavə edib ki, Azərbaycan mütəxəssislərinin beynəlxalq standartlaşdırma proseslərində iştirakının artması ölkənin bu sahədə təmsilçiliyinin güclənməsinə və beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaradır.