Norveçin “Bodo/Qlimt” klubunun uğurlarında 20 il hərbi pilot kimi xidmət etmiş Byörn Mannsverkin tətbiq etdiyi psixoloji hazırlıq metodunun mühüm rol oynadığı bildirilir.
Metbuat.az xəbər verir ki, 2016-cı ildə aşağı liqaya düşən komanda problemlərin texniki deyil, psixoloji amillərlə bağlı olduğunu müəyyənləşdirib. Bundan sonra klub Norveç Hərbi Hava Qüvvələrində 20 il qırıcı təyyarə pilotu olmuş Mannsverki psixoloji performans üzrə məşqçi vəzifəsinə dəvət edib.
2017-ci ildə işə başlayan Mannsverk futbolu dərindən bilmədiyini desə də, baş məşqçi Kjetil Knutsenlə birlikdə komandanın düşüncə tərzində dəyişiklik yaradıb. Onun tətbiq etdiyi “1 faiz qaydası” futbolçulara nəzarət edə bildikləri məqamlara diqqət yetirməyi və kiçik uğurları ardıcıl şəkildə toplamağı öyrədib. Mədə problemləri səbəbindən futbolçu karyerasını bitirmək həddinə çatan yarımmüdafiəçi Ulrik Saltnes də psixoloji məşğələlərdən sonra çıxışını yaxşılaşdıraraq bir mövsümdə 15 qol vurub.
“Bodo/Qlimt” 2020-ci ildə 30 oyunda 103 qol vuraraq tarixində ilk dəfə Norveç çempionu olub. Komanda daha sonra 2021, 2023 və 2024-cü illərdə də ölkə çempionluğunu qazanıb. Norveç təmsilçisi Çempionlar Liqasında Dortmund “Borussiya”sı ilə heç-heçə edib, “Mançester Siti” və “Atletiko Madrid” üzərində qələbə qazanıb. Komanda pley-off mərhələsində İtaliyanın “İnter” klubunu iki oyunun nəticəsinə görə 5:2 hesabı ilə məğlub edərək turnirin 1/8 finalına yüksələn ilk Norveç klubu olub.
Lakin 1/8 finalda Portuqaliyanın “Sportinq” klubunu ilk oyunda 3:0 hesabı ilə məğlub edən “Bodo/Qlimt” cavab görüşündə 0:5 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.