İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-dən gələn hücum təhdidlərinə baxmayaraq, ölkəsinin özünü müdafiə etməyə hazır olduğunu bildirib.

Metbuat.az xəbər verir ki, Əraqçi bu barədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının İraqın paytaxtı Bağdadda keçirilən 52-ci iclası çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Nazir İranın müdafiə hazırlığının əvvəlki müharibələrlə müqayisədə daha yüksək səviyyədə olduğunu vurğulayıb.

“Təhdidlər qarşısında geri çəkilməyəcəyik. Özümüzü müdafiə etməyə hazırlığımız əvvəlki müharibələrdən daha yüksəkdir. Dəyərli təcrübələr əldə etmişik və özümüzü tam müdafiə etmək iqtidarındayıq”, - deyə o bildirib.

Əraqçi yeni hücuma hazır olduqlarını qeyd etməklə yanaşı, diplomatiyaya da açıq olduqlarını diqqətə çatdırıb. Onun sözlərinə görə, İranın yeddi mərhələdən ibarət yeddi günlük planı Nyu-Yorkda təqdim edilib və İƏT-in iclasında da gündəmə gətirilib.

Nazir ABŞ tərəfinin plana dair mövqeyini çatdırdığını və hazırda həmin təkliflərin nəzərdən keçirildiyini bildirib.

“İranın planı hələ də masanın üzərindədir. Əgər ABŞ tərəfi həqiqətən səmimi olsaydı, yol tamamilə açıq və aydın olardı. Hörmüz boğazının açılmasına aparan yol da aydındır. ABŞ-də boğazın yenidən açılması üçün siyasi iradə olarsa və şərtlər yerinə yetirilərsə, bir neçə gün ərzində Hörmüz boğazının açılacağına inanırıq”, - deyə Əraqçi vurğulayıb.