“Austrian Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi bomba xəbərdarlığına görə marşrutunu dəyişərək Bolqarıstanın paytaxtı Sofiyaya eniş edib.
Metbuat.az xəbər verir ki, Təl-Əvivdən Vyanaya uçan “Airbus A320” təyyarəsində bomba təhlükəsi barədə məlumat daxil olduqdan sonra pilotlar fövqəladə vəziyyət elan ediblər. Rumıniya-Bolqarıstan sərhədi yaxınlığında baş verən hadisədən sonra Bolqarıstan Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-29” qırıcı təyyarəsi sərnişin təyyarəsini müşayiət edib. Təyyarə yerli Sofiya hava limanına təhlükəsiz eniş edib.
Təyyarədəki 51 sərnişin və 6 ekipaj üzvü təxliyə olunub, hava gəmisi təhlükəsiz əraziyə çəkilib. Təyyarədə, sərnişinlərdə və baqajlarda aparılan yoxlamalar zamanı təhlükəli əşya aşkarlanmayıb. “Austrian Airlines” şirkətindən bildirilib ki, yoxlamalar başa çatdıqdan sonra təyyarə bütün sərnişinləri ilə birlikdə Sofiyadan havaya qalxaraq Vyana reysini tamamlayıb.