Hafiz İsmayılbəyli yenidən Hesablama Palatasının auditoru təyin edilib.
Metbuat.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.
Məlumat üçün bildirək ki, "Hesablama Palatası haqqında" Qanuna əsasən, Hesablama Palatasının üzvləri Hesablama Palatasının sədri, sədr müavini və 5 auditordan ibarətdir. Hesablama Palatası üzvlərinin səlahiyyət müddəti 7 ildir. Hesablama Palatasının üzvləri Milli Məclisin sədrinin təqdimatı əsasında Milli Məclisin azı 63 deputatının səs çoxluğu ilə təyin edilir.
Xatırladaq ki, Hafiz İsmayılbəyli 2019-cu il oktyabrın 22-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilib.
2026-cı il oktyabrın 22-də onun səlahiyyət müddəti başa çatıb.
Milli Məclisin bugünkü plenar iclasında qəbul edilən qərarla o ikinci müddətə Hesablama Palatasının auditoru təyin edilib.
Hafiz Mahir oğlu İsmayılbəyli 22 yanvar 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Kərki kəndində anadan olub. 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini, 2018-ci ildə isə Naxçıvan Dövlət Universitetini bitirib. İqtisadiyyat üzrə bakalavr, iqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə magistr dərəcəsinə malikdir.
Hafiz İsmayılbəyli əmək fəaliyyətinə 2014-cü ildə Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində başlayıb. O, 2014-2015-ci illərdə Mühasibat uçotu və hesablamalar şöbəsində mühasib, 2015-2016-cı illərdə İqtisadi təhlil və statistika şöbəsində mütəxəssis, 2016-2017-ci illərdə aparıcı mütəxəssis, 2017-2018-ci illərdə isə həmin şöbədə rəis vəzifəsini icra edən kimi çalışıb. 2018-ci ilin fevralından 2019-cu ilin mayınadək şöbənin rəisi vəzifəsində fəaliyyət göstərib.
2019-cu ilin may-oktyabr aylarında Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi olub. 22 oktyabr 2019-cu ildə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilib. Eyni zamanda, Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinə rəhbərlik edib.
Hafiz İsmayılbəyli ali iqtisadi təhsili, maliyyə-bank və kənar dövlət maliyyə nəzarəti sahələrində 12 illik iş təcrübəsi ilə seçilir. O, Hesablama Palatasının auditorlarına dair müəyyən edilmiş tələb və meyarlara cavab verir. İngilis dilini bilir.