ABŞ Prezidenti Donald Tramp İranla müharibənin tezliklə başa çatacağını bildirib və ölkəsinin Tehrana hərbi baxımdan ciddi zərbələr endirdiyini iddia edib.

Metbuat.az xəbər verir ki, Tramp bu barədə Corciya ştatında aralıq seçkilərlə əlaqədar keçirilən mitinqdə çıxışı zamanı danışıb.

“Bilirsiniz, İranın 159 gəmisi var idi. İndi onların hamısı dənizin dibindədir. 268 möhtəşəm təyyarələri var idi. Onların hamısı aerodromlarda kiçik parçalara bölünüb. Artıq nə təyyarələri var, nə də gəmiləri. Heç nələri qalmayıb”, – deyə ABŞ lideri vurğulayıb.

Tramp hücumlar zamanı İran rəhbərliyinin bir sıra mühüm nümayəndələrinin də öldürüldüyünü xatırladıb.

“Onların liderləri yoxdur. Birinci eşelonun rəhbərləri sıradan çıxarılıb. İkinci eşelonun rəhbərləri də sıradan çıxarılıb. Dayanmalıyam, çünki kiminlə danışıqlar apardığımızı bilməliyik”, – deyə o əlavə edib.

ABŞ Prezidenti müharibənin tezliklə başa çatacağını da qeyd edib. Onun sözlərinə görə, müharibə davam etdiyi müddətdə neft qiymətləri yüksək qala bilər, lakin münaqişə bitdikdən sonra qiymətlər qısa müddət ərzində kəskin şəkildə aşağı düşəcək.

“Yaxın vaxtlarda başa çatacaq. Neft qiymətləri müvəqqəti olaraq yüksək olsa da, müharibə bitən kimi çox qısa müddət ərzində kəskin şəkildə düşəcək”, – Tramp bildirib.