Argentina millisinin və “İnter Mayami”nin ulduzu Lionel Messi karyerasında daha bir tarixi uğura imza atıb.
Metbuat.az xəbər verir ki, 39 yaşlı futbolçu İspaniyada keçirilən 2026-cı il “Asturiya Şahzadəsi” İdman Mükafatına layiq görülüb. Oviedo şəhərində təşkil olunan mərasimdə Messi mükafatını İspaniya taxtının varisi, şahzadə Leonordan qəbul edib. Bu mükafat argentinalı ulduzun karyerasında 1000-ci fərdi mükafat kimi qeydə alınıb.
Messi bu mükafatla daha bir ilkə imza atıb. O, “Asturiya Şahzadəsi” İdman Mükafatını fərdi qaydada qazanan ilk futbolçu olub. Daha əvvəl bu mükafat 2012-ci ildə “Barselona”nın sabiq futbolçuları Xavi Hernandes və İker Kasilyasa birlikdə təqdim edilmişdi.
Argentinalı ulduzun zəngin mükafat kolleksiyasına səkkiz “Qızıl top”, altı Avropa Qızıl buts mükafatı və dünya çempionatlarının iki “Qızıl top” mükafatı da daxildir. Messi həmçinin 2022-ci ildə Argentina millisi ilə dünya çempionluğunu qazanaraq karyerasının ən böyük uğurlarından birinə imza atıb.
Mükafatın təqdim edilməsində Messinin futbol sahəsindəki nailiyyətləri ilə yanaşı, xeyriyyəçilik fəaliyyəti və onun rəhbərlik etdiyi fond vasitəsilə aztəminatlı uşaqların təhsil və səhiyyə imkanlarının yaxşılaşdırılmasına verdiyi töhfələr də nəzərə alınıb.