İtaliyanın Alp dağlarının ətəyində yerləşən Moena qəsəbəsi sakinləri əsrlərdir özlərini türk adlandırırlar. Türk dilini bilməyən yerli sakinlər küçələrində ay-ulduzlu bayraqlar dalğalandırır və hər il türk ənənələrini yaşadan festival keçirirlər.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin tarixi ilə qeyri-adi əlaqəsi olan Moena qəsəbəsində bu ənənənin kökləri 1683-cü ilə, Osmanlı ordusunun İkinci Vyana mühasirəsindən sonra geri çəkildiyi dövrə gedib çıxır.
Rəvayətə əsasən, döyüşlərdə ağır yaralanan Balaban ləqəbli Osmanlı yeniçərisi uzun yol qət edərək Alp dağlarının ətəyində yerləşən kəndə sığınıb. Yerli sakinlər yaralı əsgər müalicə ediblər. Sağaldıqdan sonra kəndi tərk etməyən Balaban burada yerli bir qadınla ailə qurub və əhali arasında “El Turco” adı ilə tanınmağa başlayıb.
Rəvayətə görə, Balabanın kənd sakinləri arasında nüfuz qazanmasının əsas səbəblərindən biri onları bölgədəki feodalların zülmündən qoruması olub. Onun kəndliləri təşkilatlandıraraq müdafiə üsullarını öyrətdiyi, ağır vergilərə qarşı mübarizədə onlara kömək etdiyi bildirilir. Bu hadisələrdən sonra yerli əhali üçün türk kimliyi cəsarət, azadlıq və ədalətin rəmzinə çevrilib.
Qəsəbənin ən qədim yaşayış hissəsinin girişində italyanca “Rione Turchia”, yəni “Türkiyə məhəlləsi” yazılmış lövhə yerləşir. Küçələrdəki tarixi tikililərdə və fəvvarələrdə Osmanlı mədəniyyətini xatırladan elementlərə rast gəlinir. Mərkəzi meydandakı tarixi fəvvarənin üzərində isə Balaban Ağanın başında sarıq olan və aypara ilə bəzədilmiş büstü ucalır.
Maraqlıdır ki, qəsəbə sakinləri gündəlik həyatda italyan və ladin dillərində danışırlar. Onların arasında türk dilini bilənlərin olmadığı bildirilsə də, öz kökləri barədə danışarkən özlərini türk hesab etdiklərini bildirirlər.
Moenada hər il avqust ayında üç gün davam edən “Festa di Turchia” - Türkiyə festivalı təşkil olunur. Festival zamanı küçələr Türkiyə bayraqları ilə bəzədilir, qadınlar ənənəvi şalvar geyinir, qəhvə hazırlanır, kişilər isə yeniçəri geyimləri, fəs və qılınqlarla tədbirə qatılırlar.