Mauro İkardinin karyerasını İspaniyada davam etdirmək ehtimalı gündəmə gəlib. La Liqa təmsilçisi “Real Betis”in azad agent statusunda olan argentinalı hücumçunun transferi ilə bağlı ilkin danışıqlara başladığı iddia edilir.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, “Betis”in baş məşqçisi Manuel Pelleqrini mövsümün ikinci yarısında hücum xəttində alternativlərin artırılmasını istəyir. Klub rəhbərliyinin bu səbəbdən İkardinin namizədliyini nəzərdən keçirdiyi bildirilir.

30 iyun 2026-cı ildə “Qalatasaray”la müqaviləsi başa çatan 33 yaşlı forvardın hələlik yeni klubu ilə anlaşmadığı qeyd olunur. Onun nümayəndələri ilə ilkin əlaqələrin qurulduğu, lakin rəsmi təklifin təqdim edilmədiyi iddia edilir.

Transferin qarşısındakı əsas maneənin isə maliyyə məsələləri olduğu bildirilir. İkardinin İstanbul klubunda illik təxminən 10 milyon avro qazandığı qeyd olunur. Bu məbləğin “Real Betis”in maliyyə imkanlarını aşdığı və keçidin reallaşması üçün futbolçunun maaşında ciddi endirimə getməli olduğu vurğulanır.

İddialara əsasən, İkardi ilə “Yuventus”, “Elçe”, “Everton”, “Tottenhem”, “Benfika” və PAOK klubları da maraqlanır.

Xatırladaq ki, argentinalı hücumçu “Qalatasaray”ın heyətində dörd mövsüm ərzində 134 rəsmi matçda meydana çıxıb. O, bu görüşlərdə 77 qol vurub və 25 məhsuldar ötürmə ilə yadda qalıb.