Almaniyada 16 il işə getmədiyi halda maaş almağa davam edən 62 yaşlı müəllimə barəsində cinayət işi açılıb. Onun bu müddət ərzində 800 min avrodan çox əməkhaqqı aldığı bildirilir.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın Duisburq şəhərində prokurorluq uzun illərdir xəstəlik məzuniyyətində olmasına baxmayaraq maaş alan müəllimə qarşı dələduzluq və saxta sənədlərdən istifadə ittihamları irəli sürüb.

Məlumata görə, Şimali Reyn-Vestfaliya əyalətində çalışan müəllimə sonuncu dəfə 11 fevral 2009-cu ildə dərs deyib. Həmin tarixdən sonra sinfə qayıtmasa da, dövlət qulluqçusu statusunda olduğu üçün maaş almağa davam edib.

Onun 16 ildən artıq müddətdə aldığı ümumi əməkhaqqının 800 min avronu keçdiyi açıqlanıb.

İstintaq materiallarına əsasən, müəllimə 2021-ci ilin martından 2025-ci ilin martınadək işəgötürənə 10 əmək qabiliyyətsizliyi arayışı təqdim edib. Prokurorluq həmin sənədlərlə aidiyyəti qurumların aldadıldığını iddia edir.

Hesablamalara görə, təkcə bu dördillik dövrdə dövlətə təxminən 248 min avro zərər dəydiyi ehtimal olunur. Daha əvvəlki dövrə aid bəzi əməllərlə bağlı ittihamların isə müddətin keçməsi səbəbindən cinayət işinə daxil edilmədiyi bildirilir.

Maraqlı məqam odur ki, uzun illər davam edən vəziyyət yalnız 2025-ci ilin yazında aşkarlanıb. Düsseldorf regional idarəsində işə başlayan yeni əməkdaş sənədləri araşdırarkən müəllimənin 2009-cu ildən bəri dərs demədiyini və yoxluğunu psixoloji problemlərlə əlaqələndirilən tibbi arayışlarla əsaslandırdığını müəyyən edib.

Bundan sonra səlahiyyətli qurumlar onun işləmək qabiliyyətinin qiymətləndirilməsi üçün tibbi müayinədən keçməsini tələb ediblər. Müəllimə isə bu qərara etiraz edərək məsələni məhkəməyə çıxarıb. Lakin məhkəmə onun etirazını qəbul etməyib.

Münster Ali İnzibati Məhkəməsi də müvafiq qurumların müəllimədən nevroloji və psixiatrik müayinədən keçməyi tələb etmək hüququna malik olduğunu təsdiqləyib. Hakimlər işəgötürən qurumların vəziyyətə uzun illər müdaxilə etməməsini də tənqid ediblər.

Almaniya mətbuatında yayılan məlumatlara görə, müəllimə xəstəlik məzuniyyətində olduğu dövrdə alternativ təbabətlə maraqlanıb, sahibkarlıq müsabiqələrində iştirak edib və hazırladığı əl kremi ilə 5 min avro mükafat qazanıb.

Bundan başqa, onun dalğıclıq fəaliyyəti ilə bağlı məsələlər də araşdırılıb. Prokurorluq müəllimənin dalğıclıqla məşğul olmaq üçün saxta tibbi arayışlar hazırladığını iddia edir. Həmin sənədlərdə imzaları olduğu göstərilən həkimlərin isə əslində mövcud olmadığı bildirilir.