Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo 2008-ci ildə qazandığı “Qızıl top” mükafatı ilə “Bütün Zamanların Qızıl Topu” reytinqinin qalibi seçilib.
Metbuat.az xəbər verir ki, bu barədə mükafatın rəsmi internet səhifəsində məlumat dərc olunub.
Reytinqdə Ronaldoya 2008-ci ildə təqdim edilən mükafat birinci yerə layiq görülüb. Həmin il portuqaliyalı futbolçu Lionel Messi və Fernando Torresi qabaqlayaraq karyerasında ilk dəfə “Qızıl top” qazanıb.
Layihə çərçivəsində müxtəlif dövrlərdə bu nüfuzlu mükafata bir neçə dəfə sahib olmuş futbolçuların uğurları nəzərdən keçirilib. Namizədlər arasında səkkiz dəfə “Qızıl top” qazanan Lionel Messi, beş mükafat sahibi Kriştianu Ronaldo, həmçinin Yohan Kroyff, Mişel Platini və Marko van Basten kimi əfsanələr də yer alıblar. Bu üç futbolçunun hər biri mükafatı üç dəfə qazanıb.
Təşkilatçıların açıqlamasına görə, seçim zamanı futbolçunun karyerası ərzində qazandığı mükafatların ümumi sayı deyil, konkret mövsümdəki çıxışının əhəmiyyəti əsas götürülüb.
Qalib dünya üzrə azarkeşlərin iştirak etdiyi ödənişli onlayn səsvermə ilə müəyyənləşdirilib. Səsvermədə iştirak üçün bir səsin qiyməti 1 avro olub.