Bakıda Türkiyə Cümhuriyyətinin yaranmasının 103-cü ildönümünə həsr olunmuş “Çanaqqaladan Bakıya – Ortaq Mədəniyyət” adlı sərginin açılış mərasimi keçirilib.
Metbuat.az xəbər verir ki, sərgi Yunus Əmrə İnstitutunun Bakı Türk Mədəniyyət Mərkəzinin koordinasiyası, Çanaqqala Onsekiz Mart Universiteti və digər aidiyyəti qurumların əməkdaşlığı ilə təşkil olunub.
Oktyabrın 26-da Bakıdakı Opera Studiyasının salonunda keçirilən açılış mərasimində Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Coşkun Yılmaz, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Çanaqqala Onsekiz Mart Universitetinin rektoru Ramazan Cüneyt Erenoğlu, Ezine rayonunun kaymakamı Yusuf Kaptanoğlu, Ezine bələdiyyəsinin sədri Güray Yüksel, Geyikli bələdiyyəsinin sədri Mevlüt Oruçoğlu, Azərbaycan Milli Məclisinin deputatları, akademik dairələrin nümayəndələri, sənətçilər və digər qonaqlar iştirak ediblər.
Türkiyə və Azərbaycan rəssamlarının əsərlərinin nümayiş olunduğu sərginin əsas məqsədi iki qardaş ölkənin ortaq tarixi yaddaşını, zəngin mədəni irsini və sivilizasiya dəyərlərini incəsənət vasitəsilə ictimaiyyətə təqdim etməkdir.
Sərgidə nümayiş etdirilən sənət nümunələri Azərbaycan və Türkiyə xalqları arasında əsrlər boyu formalaşmış mənəvi bağlılığı, ortaq tarixi keçmişi və mədəni dəyərləri əks etdirir.
Tədbir çərçivəsində iki ölkə arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsinin, birgə layihələrin həyata keçirilməsinin və ortaq mədəni irsin gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti ön plana çəkilib.
Yunus Əmrə İnstitutunun Bakı Türk Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilən bu layihə Türkiyə ilə Azərbaycan arasında mövcud olan tarixi və mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir.
Tədbirin təşkilinə verdikləri dəstəyə görə Çanaqqala Onsekiz Mart Universitetinə, Ezine Kaymakamlığına, Ezine və Geyikli bələdiyyələrinə təşəkkür bildirilib.
Qeyd edək ki, sərginin ikinci mərhələsi oktyabrın 30-da saat 12:00-da Şamaxı Yaradıcılıq Mərkəzində keçiriləcək. Sərgi Şamaxıda 10 gün ərzində sənətsevərlərin ziyarətinə açıq olacaq.
Türkiyə Cümhuriyyətinin 103-cü ildönümünə ithaf olunan layihə Çanaqqaladan Bakıya, oradan isə Şamaxıya uzanan ortaq tarixi və mədəni bağların incəsənət vasitəsilə yaşadılmasını hədəfləyir.