Azərbaycanda bank kartları üzrə əməliyyatlara əlavə məhdudiyyətlərin tətbiqi planlaşdırılmır.
Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda bank kartları ilə bağlı yeni məhdudiyyətlərin tətbiqi nəzərdə tutulmur.
AMB sədri kartdan-karta köçürmələr üzrə mövcud məhdudiyyətlərin banklarla birgə qəbul edilmiş yanaşma olduğunu qeyd edib.
O bildirib ki, bu tədbirlərin əsas məqsədi şəxsi bank kartlarından sahibkarlıq fəaliyyəti üçün istifadənin və qeyri-adi maliyyə əməliyyatlarının qarşısını almaqdır.
Qeyd edək ki, 2026-cı il avqustun 1-dən bank kartlarına və digər ödəniş alətlərinə vəsaitlərin mədaxili üzrə risk əsaslı limitlər tətbiq edilir. Mövcud yanaşmaya əsasən, gündəlik 5 mədaxil əməliyyatı və aylıq 20 min manat baza həddi müəyyənləşdirilib. Əsaslandırılmış əməliyyatlar üçün istisnalar nəzərdə tutulur.