Azərbaycanda əhalinin xarici valyuta satışı ilə yanaşı, banklardakı əmanətlərinin həcmində də artım qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov oktyabrın 29-da keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, cari ilin ilk doqquz ayında fiziki şəxslərin əmanətləri 2,1 milyard manat, müddətli əmanətləri isə 1,4 milyard manat artıb. Eyni zamanda, əhalinin real gəlirlərində 3,7 faiz yüksəliş müşahidə olunub.

AMB sədri qeyd edib ki, bu göstəricilər əhalinin valyuta satışının yalnız gündəlik xərcləri qarşılamaq məqsədi daşıdığı fikrini ümumi mənzərə baxımından təsdiqləmir.

Taleh Kazımov valyutaya tələbin azalmasını milli valyutaya və bank sektoruna etimadın güclənməsi ilə əlaqələndirib. O, həmçinin iqtisadi artımın dinamikasının da valyutaya olan tələbə təsir göstərə biləcəyini vurğulayıb.