İspaniya nəhəngi “Atletiko Madrid” “Qalatasaray”ın ulduz hücumçusu Viktor Osimeni transfer etmək istəyir. Baş məşqçi Dieqo Simeonenin nigeriyalı futbolçunu komandasında görmək istədiyi iddia olunur.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, İspaniya mətbuatında yayılan məlumatlara görə, “Atletiko Madrid” Osimenin transferi üçün hazırlıqlara başlayıb. “DirecTV Sports”un yaydığı xəbərdə Simeonenin hücum xəttini gücləndirmək məqsədilə məhz nigeriyalı forvardı əsas namizədlərdən biri kimi müəyyənləşdirdiyi bildirilir.

Madrid təmsilçisinin Osimenin transferini reallaşdırmaq üçün maliyyə imkanlarını dəyərləndirdiyi iddia olunur. Xəbərə görə, İspaniya klubu transferin ümumi xərcini azaltmaq məqsədilə müxtəlif variantları nəzərdən keçirir.

Bu çərçivədə bonus ödənişləri və futbolçu mübadiləsini əhatə edən təklifin hazırlanması ehtimalı da gündəmdədir.

Viktor Osimenin İstanbul təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Ulduz futbolçunun müqaviləsində sərbəstqalma maddəsinin olmadığı bildirilir. Bu amil mümkün transferdə “Atletiko Madrid”in qarşısında ciddi maneə yarada bilər.