Sakit okeanın 4 min metr dərinliyində yerləşən mineral daşların oksigen istehsal etdiyi məlum olub.

Metbuat.az xəbər verir ki, Meksika ilə Havay adaları arasında yerləşən Klarion-Kliperton qırılma zonasında aparılan araşdırma dəniz dibində günəş işığı olmadan da oksigen yaranmasının mümkünlüyünü ortaya qoyub. “Nature Geoscience” jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, polimetal düyünlər kimyəvi reaksiyalar nəticəsində “qaranlıq oksigen” istehsal edir. Tərkibində manqan, nikel və kobalt olan bu mineral kütlələrinin təbii batareyalar kimi fəaliyyət göstərərək dəniz suyunun elektrolizinə səbəb olduğu bildirilir. Bu kəşf dərin dəniz mədənçiliyi ilə məşğul olan şirkətlərin etirazına səbəb olub. Sözügedən mineralları dəniz dibindən çıxarmağı hədəfləyən “The Metals Company” şirkəti və Aberdin Universitetinin tədqiqatçıları araşdırmanın nəticələrini şübhə altına alaraq onun geri çəkilməsini istəyiblər. Şirkət oksigen istehsalı ilə bağlı göstərilən göstəricilərin elmi baxımdan əsaslı olmadığını iddia edib.

Məlumatda bildirilir ki, elmi mübahisələr Beynəlxalq Dəniz Dibi İdarəsinin Yamaykanın Kinqston şəhərində keçirilən son toplantısında mədənçiliklə bağlı qanunun qəbuluna mane olub. Fransa da daxil olmaqla 46 ölkə dərin dənizdə mədənçilik fəaliyyətlərinin müvəqqəti dayandırılmasını dəstəkləyib.