İngiltərənin “Arsenal” klubu İtaliyanın “Yuventus” komandasında çıxış edən türkiyəli futbolçu Kenan Yıldızın transferi ilə bağlı hərəkətə keçib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, London təmsilçisi 21 yaşlı hücumameyilli futbolçunu qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. “Daily Mirror” nəşrinin yaydığı məlumata görə, İngiltərə klubu artıq bu istiqamətdə hazırlıqlara başlayıb və futbolçu üçün rəsmi təklif irəli sürməyi nəzərdən keçirir.

Baş məşqçi Mikel Artetanın təqdim etdiyi hesabat əsasında transfer çalışmalarını davam etdirən “Arsenal”ın Kenan Yıldızı əsas hədəflərindən biri olduğu bildirilir. Belə ki, İngiltərə klubu yay transfer pəncərəsində heyətinə cəlb etmək istədiyi cinah oyunçularını transfer edə bilməyib. Bu səbəbdən komanda həm hücumun mərkəzində, həm də sol cinahda oynamaq bacarığına malik universal futbolçu axtarışındadır.

Məlumata əsasən, Kenan Yıldız məhz bu xüsusiyyətlərinə görə Artetanın sisteminə uyğun ən ideal namizədlərdən biri hesab olunur. Onun texniki imkanları, hücum xəttində fərqli mövqelərdə çıxış edə bilməsi və oyun quruculuğundakı bacarığı London klubunun marağını artırıb.

Qeyd edək ki, zədəsi səbəbindən bir müddətdir meydana çıxa bilməyən Kenan Yıldız “Yuventus”un heyətində indiyədək 132 rəsmi matçda iştirak edib. O, bu qarşılaşmalarda 27 qol vurub və 21 məhsuldar ötürmə ilə yadda qalıb.