ABŞ-nin Kaliforniya ştatında hərəkətdə olan zirehli puldaşıyan avtomobildən 400 min dollardan çox nağd pul yola səpələnib. Hadisə zamanı onlarla sürücü avtomobillərini saxlayaraq asfaltın üzərinə dağılan pulları toplamağa başlayıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə San-Dieqo yaxınlığındakı Interstate 5 avtomobil yolunda baş verib.

Banklar arasında pul daşınmasını həyata keçirən zirehli avtomobilin qapısı hərəkətdə olarkən qəfil açılıb. Nəticədə avtomobildəki nağd pullarla dolu kisələr yola düşərək dağılıb. Kisələrdən səpələnən pullar küləyin təsiri ilə yolun müxtəlif zolaqlarına yayılıb.

Hadisəni görən sürücülər avtomobillərini yolun ortasında saxlayaraq pulları toplamağa başlayıblar. Bir neçə dəqiqə ərzində yolda ciddi tıxac yaranıb. Bəzi şəxslər topladıqları pulları sevinclə havaya səpələyib, hadisəni sosial şəbəkələrdə canlı yayımlayıblar.

Hadisə yerinə gələn Kaliforniya Yol Patrulu və Federal Təhqiqat Bürosunun (FBI) əməkdaşları ərazini mühasirəyə alıblar. Hüquq-mühafizə orqanları yerə səpələnən pulların qanuni sahibinin dəyişmədiyini və onların götürülməsinin oğurluq hesab edildiyini bildiriblər.

Polis sosial şəbəkələrdə yayılan görüntüləri, telefon qeydlərini və avtomobillərin dövlət nömrə nişanlarını araşdırıb. Pulları geri qaytarmayan və özlərini sosial şəbəkələrdə paylaşdıqları görüntülərlə ələ verən çoxsaylı şəxslərin saxlanıldığı və həbs edildiyi bildirilir.