Argentinalı futbolçu Mauro İkardi bu dəfə meydandakı çıxışı ilə deyil, şəxsi həyatında yaşadığı hüquqi problemlə gündəmə gəlib. Belə ki, ulduz futbolçu İstanbulda kirayələdiyi lüks villa ilə bağlı ev sahibi şirkətlə məhkəməlik olub.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, İkardi ötən il İstanbulun Göktürk bölgəsində illik 504 min dollar (təxminən 23 milyon 330 min lirə) ödəməklə lüks villa kirayələyib. Lakin futbolçunun birillik müqavilənin başa çatmasına dörd ay qalmış evi tərk etdiyi bildirilir.
Məlumata görə, ev sahibi şirkət müqavilənin qalan müddətinə görə İcardidən təxminən 8 milyon lirə ( təxminən 280 min manat) kirayə haqqı tələb edib. Futbolçunun bu ödənişi etməkdən imtina etməsindən sonra şirkət icra proseduruna başlayıb.
İkardinin isə başladılan icra prosesinə etiraz etdiyi və bunun ardınca tərəflər arasında mübahisənin məhkəməyə daşındığı qeyd olunur. Ev sahibi şirkət İstanbul Sulh Hüquq Məhkəməsinə müraciət edərək futbolçunun əmlakına ehtiyati həbs qoyulmasını da tələb edib.
Şirkət məhkəməyə təqdim etdiyi müraciətdə İkardinin villanı zədələnmiş vəziyyətdə təhvil verdiyini iddia edib. Həmçinin futbolçunun ölkəni tərk edə biləcəyi ehtimalı əsas gətirilərək, borcun təminat altına alınması istənilib.
Lakin məhkəmə ev sahibi şirkətin İkardinin əmlakına həbs qoyulması ilə bağlı tələbini rədd edib. Tərəflər arasında 8 milyon lirəlik kirayə borcu ilə bağlı hüquqi mübahisənin isə davam etdiyi bildirilir.