Dünyanın müxtəlif ölkələrində maraqlı oxu avtomatları istifadəyə verilib.

Metbuat.az xəbər verir ki, müxtəlif şəhərlərində quraşdırılan qeyri-adi avtomatlar insanlara pulsuz hekayələr təqdim edir. Fransanın “Short Édition” şirkəti tərəfindən hazırlanan bu cihazlar insanların oxu vərdişlərini artırmaq məqsədi daşıyır. Avtomatın düyməsinə basmaqla istifadəçilər bir neçə dəqiqəyə oxuya biləcəkləri hekayələr əldə edirlər.

Bəzi cihazlarda oxucular 1, 3 və ya 5 dəqiqəlik mətnlər arasından seçim edə bilirlər. Hekayələr uzun kağız lentlərə çap olunaraq təqdim edilir. Avtomatlar qısa hekayələrlə yanaşı, şeirlər və digər ədəbi nümunələr də təqdim edir. İlk dəfə Fransada yaradılan sistem sonradan ABŞ və digər ölkələrdə də yayılıb. Hazırda bu cihazlara kitabxanalarda, universitetlərdə, dəmiryol vağzallarında və müxtəlif ictimai məkanlarda rast gəlinir. Avtomatların istifadəsi üçün ödəniş tələb olunmur. Onların quraşdırılması və istismarı isə əsasən müvafiq qurumlar tərəfindən maliyyələşdirilir. Layihənin əsas məqsədi insanların gözləmə və istirahət vaxtlarını telefon əvəzinə kitab oxumağa sərf etməsinə şərait yaratmaqdır.