Romada havanın çirklənməsinin azaldılması məqsədilə yollardan birinin üzərinə xüsusi fotokatalitik boya çəkilib.
Metbuat.az xəbər verir ki, layihə çərçivəsində 2800 kvadratmetr sahəyə malik yol örtüyü bu materialla işlənib. Boyanın əsas tərkib hissəsini titan dioksid (TiO₂) təşkil edir. Bu maddə günəş işığının təsiri ilə aktivləşərək avtomobillərin işlənmiş qazlarından havaya yayılan azot oksidlərinin parçalanmasına kömək edir. Beləliklə, yolun səthi günəş enerjisindən istifadə etməklə havadakı bəzi zərərli maddələrin miqdarını azaltmağa xidmət edir. Layihənin əsas məqsədi nəqliyyatın sıx olduğu ərazilərdə hava keyfiyyətini yaxşılaşdırmaq və çirkləndirici maddələrin təsirini azaltmaqdır.
Hesablamalara görə, xüsusi örtüyün təmizləyici təsiri 200 - 250 ağacın təsirinə bərabərdir. Bununla belə, bu texnologiya ağacların ekoloji faydalarını tam əvəz etmir, sadəcə havanın çirklənməsi ilə mübarizədə əlavə vasitə kimi nəzərdə tutulur.