Kanadada ana və qızının ölümü ilə nəticələnən ayı hücumundan sonra təhlükəli hesab edilən dörd boz ayı məhv edilib.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Britaniya Kolumbiyası əyalətinin Bella Kula bölgəsində baş verib. Oktyabrın 31-də 48 yaşlı Ceni Balcarras və onun 20 yaşlı qızı Selah Rid gəzintiyə çıxıblar. Onlar geri qayıtmayanda ailə üzvləri narahat olaraq polisə müraciət ediblər.
Axtarışlar nəticəsində ana və qızının meyitləri Snooka Vest cığırının yaxınlığında, bir-birindən təxminən 150 metr məsafədə aşkarlanıb.
Hadisə ilə bağlı araşdırma aparan Britaniya Kolumbiyası Təbiəti Mühafizə Xidmətinin əməkdaşları ərazidə tutulan ayılardan götürülmüş DNT nümunələrini yoxlayıblar. Ekspertizanın nəticələri ana və qızına hücumda bir dişi boz ayının və onun üç balasının iştirak etdiyini təsdiqləyib.
Qurumun əməkdaşı Ceff Tayr bildirib ki, araşdırma zamanı hadisənin nadir hallarda müşahidə edilən yırtıcı davranışla bağlı olduğu müəyyənləşdirilib. Onun sözlərinə görə, insanların ölümü ilə nəticələnən hücumlarda iştirak etmiş ayıların başqa əraziyə köçürülməsi və ya yenidən təbiətə buraxılması mümkün deyil. Bu səbəbdən ictimai təhlükəsizliyi təmin etmək məqsədilə onların məhv edilməsinə qərar verilib.
Hadisədən sonra bölgədə təhlükəsizlik tədbirləri də gücləndirilib. Yerli hakimiyyət orqanları sakinlərə könüllü komendant saatına riayət etməyi tövsiyə edib. Məktəbə gedən uşaqların isə polis əməkdaşlarının müşayiəti ilə hərəkəti təşkil olunub.
Qeyd edək ki, hadisənin baş verdiyi ərazidə ötən ilin noyabrında da ayı hücumu qeydə alınıb. Həmin vaxt məktəblilərə və müəllimlərə hücum nəticəsində 11 nəfər xəsarət alıb. Bununla belə, son hadisə ilə bağlı aparılan DNT analizi hücumda iştirak edən dörd ayının əvvəlki hadisə ilə əlaqəsinin olmadığını üzə çıxarıb.