Fransa millisinin kapitanı Kilian Mbappenin səhhətində problem yaranıb. Ulduz futbolçunun komandanın son məşqində iştirak etməməsi Türkiyə ilə qarşılaşma öncəsi ciddi təşviş doğurub.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, UEFA Millətlər Liqasında İtaliya və Türkiyə ilə qarşılaşmağa hazırlaşan Fransa yığmasında Mbappe ilə bağlı qeyri-müəyyənlik yaranıb.

Fransanın “L'Equipe” nəşrinin məlumatına görə, “Real Madrid”in hücumçusu komandanın meydandakı məşqinə qatılmayıb. 27 yaşlı futbolçu kollektiv məşq əvəzinə idman zalında fərdi hazırlıq keçib. Onun zədəsinin olub-olmaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Mbappenin noyabrın 12-də İtaliya millisinə qarşı keçiriləcək oyunda meydana çıxması gözlənilmir. Ulduz futbolçunun noyabrın 15-də Türkiyə yığması ilə qarşılaşmada iştirak edib-etməyəcəyi də sual altındadır.

Qeyd edək ki, Mbappe bu mövsüm “Real Madrid”in heyətində keçirdiyi 16 rəsmi matçda 17 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Fransa və Türkiyə milliləri arasında UEFA Millətlər Liqasının A Liqasının 6-cı turu çərçivəsində keçiriləcək görüş noyabrın 15-də baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.