İspaniyada mənzil və kirayə qiymətlərinin sürətlə artmasına etiraz edən milyonlarla insan ümumxalq tətilinə qoşulub. Ölkədə 14 ildən sonra ilk dəfə keçirilən 24 saatlıq tətil nəqliyyatın hərəkətinə və istehsal prosesinə ciddi təsir göstərib.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, kirayəçilər təşkilatlarının çağırışı və iri həmkarlar ittifaqlarının dəstəyi ilə keçirilən aksiyalarda təxminən 4 milyon insan iştirak edib. Etirazçılar maaşların mənzil və yaşayış xərclərinin artımına uyğun olmadığını bildirərək hökumətdən təcili tədbirlər görməyi tələb ediblər.
Aksiyaya ən böyük dəstək avtomobil sənayesi və liman sektorunda qeydə alınıb. Həmkarlar ittifaqlarının məlumatına görə, bu sahələrdə iştirak səviyyəsi 90 faizə çatıb. Tullantıların toplanması xidmətində isə göstərici 82 faiz olub. Bir sıra məktəb və universitetlər fəaliyyətini dayandırıb, bəzi müəssisələr isə məhdud rejimdə işləyib.
Paytaxt Madriddə güclü yağışa baxmayaraq, təxminən 120 min insan etiraz aksiyasına qatılıb. Barselonada isə iştirakçıların sayı ilə bağlı fərqli rəqəmlər açıqlanıb. Təşkilatçılar yürüşə 400 min nəfərin qoşulduğunu bildirsələr də, polis bu rəqəmin 55 min olduğunu açıqlayıb.
Etirazlar bəzi şəhərlərdə qarşıdurmalarla müşayiət olunub. Barselonada bir qrup şəxs mağazalara ziyan vurub, zibil konteynerlərini yandırıb. Ölkə üzrə baş verən insidentlərlə əlaqədar 50-dən çox insan saxlanılıb.
İspaniyada mənzil böhranı son illərdə daha da dərinləşib. Son 10 ildə kirayə qiymətləri 80 faiz, mənzillərin satış qiymətləri isə 63 faiz artıb. Bu vəziyyət xüsusilə gənclərin müstəqil həyata başlamasını çətinləşdirib. Bir çox gənc işləməsinə baxmayaraq, yüksək kirayə haqlarını ödəməkdə çətinlik çəkir və öz evinə sahib ola bilmir.
Etirazların əsas səbəblərindən biri də mənzillərin yaşayış üçün deyil, daha çox turizm, qısamüddətli kirayə və investisiya məqsədilə istifadə edilməsidir. Aksiya iştirakçıları mənzil bazarında spekulyasiyaya son qoyulmasını, kirayə haqlarının tənzimlənməsini və daha əlçatan mənzil imkanlarının yaradılmasını tələb edirlər.