Çinin Şanxay şəhərində yerin 88 metr dərinliyində yerləşən qeyri-adi otel diqqət çəkir.

Metbuat.az xəbər verir ki, tərk edilmiş və su ilə dolmuş nəhəng daş karxanasında inşa edilən 18 mərtəbəli binanın 16 mərtəbəsi qayalıqların arasında yerləşir. “InterContinental Shanghai Wonderland” adlanan otelin yalnız iki mərtəbəsi yer səviyyəsindən yuxarıdadır. Binanın qalan hissəsi isə karxananın dik qayalıq divarları boyunca inşa edilib.Otelin ən maraqlı xüsusiyyətlərindən biri də suyun altında yerləşən otaqlarıdır. Belə ki, binanın ən aşağı iki mərtəbəsi tamamilə suyun altındadır. Həmin mərtəbələrdəki otaqların pəncərələri xüsusi sualtı akvariuma açılır.

Uzun müddət istifadəsiz qalan daş karxanası bu layihə ilə turizm məkanına çevrilib. Otelin tikintisində su basqınlarına və təbii fəlakətlərə qarşı xüsusi mühəndislik həllərindən istifadə olunub.