Dünyanın bir çox ölkəsində adi vərdiş sayılan saqqız çeynəmək Sinqapurda ciddi qaydalarla məhdudlaşdırılıb.
Metbuat.az xəbər verir ki, ölkədə bu qadağa 1992-ci ildə tətbiq olunub. Qərarın əsas səbəbi ictimai yerlərdə yaranan təmizlik problemləri olub. Məlumata görə, səkilərə, ictimai nəqliyyat vasitələrinə və ümumi istifadə sahələrinə yapışdırılan saqqızlar ciddi çətinliklər yaradıb. Saqqız qalıqlarının təmizlənməsinin çətinləşməsi və ictimai nəqliyyat sistemində problemlərə səbəb olması hökuməti bu addımı atmağa vadar edib. Lakin Sinqapurda saqqız çeynəmək tamamilə qadağan deyil. 2004-cü ildə qəbul edilən dəyişikliklə müəyyən tibbi və diş baxımı məqsədli saqqızların satışına icazə verilib.
Bu məhsulları müəyyən şərtlər daxilində apteklərdən əldə etmək mümkündür. Bununla belə, ictimai yerlərdə saqqız çeynəmək bəzi hallarda yüksək məbləğdə cərimələrlə nəticələnə bilər.