DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdir müavini Teymur Hacıyev vəzifəsindən azad edilib.

Metbuat.az xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkə hesabında bildirib.

Belə ki, T.Hacıyev Agentliyin Müşahidə Şurasının sədri, eyni zamanda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə açıq məktubla müraciət edib.

Paylaşımında əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qərara etiraz edib. O, töhmət əsasında işdən azad olunması üçün yetərli hüquqi əsasın olmadığını bildirib.

T.Hacıyev açıq məktubunda barəsində aparılan xidməti araşdırmaların nəticələrinə və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı nəzərdə tutulan qərara etiraz edib. O, barəsində irəli sürülən ittihamların xidməti araşdırma zamanı təsdiqini tapmadığını, buna baxmayaraq, işdən çıxarılması məsələsinin gündəmə gətirildiyini bildirib.

T.Hacıyev noyabrın 4-də və 5-də öz ərizəsi ilə işdən ayrılması üçün təzyiqlərlə üzləşdiyini, əks halda əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam veriləcəyi barədə xəbərdarlıq edildiyini də iddia edib.

O, məktubunda ailəsinin sosial vəziyyətinə də toxunub. İki övlad atası olduğunu bildirən əməkdaş övladlarından birinin əlilliyi səbəbindən xüsusi təhsilə, reabilitasiyaya və davamlı dəstəyə ehtiyac duyduğunu qeyd edib. İşini itirəcəyi təqdirdə ailəsinin maddi vəziyyətinin pisləşəcəyini, övladının reabilitasiya imkanlarının çətinləşəcəyini vurğulayıb.