Rusiya Prezidenti Vladimir Putin, Çin lideri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp noyabrın 19-da Çinin Şençjen şəhərində üçtərəfli görüş keçirəcəklər.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, görüşlə bağlı razılıq əldə olunub və o, APEC sammiti çərçivəsində baş tutacaq.
Ağ Ev də Trampın sammit kənarında Putin və Si Cinpinlə görüşmək niyyətini təsdiqləyib. Bununla belə, ABŞ administrasiyasının rəsmisi Putinlə ayrıca danışıq gözlənilmədiyini deyib. Vaşinqton görüşdə nüvə silahlarının azaldılmasını və İran məsələsini müzakirə etmək istəyir, amma hər hansı razılaşma gözləmədiyini açıq bildirib.
Qeyd edək ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumunun 33-cü sammiti noyabrın 18-19-da Şençjendə keçiriləcək. Üç liderin bir masada görüşünə hazırlığın getdiyini Kreml oktyabrın sonunda açıqlamışdı. Putin və Tramp sonuncu dəfə ötən il avqustun 15-də Alyaskada görüşüblər, o vaxtdan şəxsi görüş olmayıb. Tramp bu ilin mayında Pekinə dövlət səfəri edib, Si Cinpin isə sentyabrda Ağ Evdə qəbul olunub.