Wi-Fi adının “Wireless Fidelity” ifadəsinin qısaltması olduğu geniş yayılmış fikirdir. Əslində bu ad heç bir söz birləşməsinin qısaltması deyil, texnologiyaya marka yaratmaq üçün xüsusi seçilib.
1999-cu ildə simsiz şəbəkə texnologiyasının texniki adı IEEE 802.11b idi. Bu adın istifadəçilər üçün yadda qalmasının çətin olduğunu nəzərə alan Wireless Ethernet Compatibility Alliance adlı sənaye birliyi yeni ad tapmaq üçün “Interbrand” brend agentliyinə müraciət edib.
Agentlik birliyə 10 fərqli ad təklif edib və nəticədə Wi-Fi variantı seçilib. Ad səs sistemlərində işlənən “Hi-Fi” (High Fidelity, səsin yüksək dəqiqliklə ötürülməsi) ifadəsinə bənzədilərək yaradılıb. Wi-Fi-ın in-yan simvolunu xatırladan loqosunu da həmin agentlik hazırlayıb.
Bəs “Wireless Fidelity” ifadəsi haradan yaranıb?
Metbuat.az xəbər verir ki, bu tarixçəni Wi-Fi Alliance-ın təsisçilərindən biri Fil Belanjer 2005-ci ildə “Boing Boing” nəşrinə danışıb. Onun sözlərinə görə, birliyin bəzi üzvləri mənası olmayan addan narahat olduqları üçün ona “The Standard for Wireless Fidelity” (“Simsiz dəqiqlik standartı”) şüarını əlavə ediblər.
Belanjer bu ifadənin heç bir texniki məna daşımadığını və sadəcə Wi-Fi adına uyğun sözlər tapmaq cəhdi olduğunu bildirib. Onun fikrincə, bu addım yanlış anlaşılmaya səbəb olub.
Şüar qısa müddət sonra istifadədən çıxarılsa da, “Wireless Fidelity” ifadəsi yaddaşlarda qalıb və bu gün də Wi-Fi adının açılışı kimi təqdim olunur.
Qeyd edək ki, birlik 2002-ci ildən Wi-Fi Alliance adlanır və Wi-Fi texnologiyasının standartlarını və sertifikatlaşdırılmasını bu gün də həmin qurum aparır.