İran qonşu ölkələrdəki ABŞ hərbi bazalarına endirdiyi zərbələrin BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslandığını bəyan edib.

Metbuat.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hücumlar sırf müdafiə xarakteri daşıyır və yalnız İrana qarşı zərbələr üçün istifadə olunan ABŞ hərbi bazalarını hədəf alır.

Bəqai Körfəz ölkələrini ABŞ-nin İrana qarşı əməliyyatlarına logistik dəstək verməkdə və ərazilərindəki bazalardan raket, PUA və təyyarələrin buraxılmasına şərait yaratmaqda ittiham edib. O, Tehranın bununla bağlı sübutlara malik olduğunu və məsələnin diplomatik kanallarla izləniləcəyini deyib.

İran rəsmisi nüvə məsələsinə də toxunaraq Vaşinqtonla uranın zənginləşdirilməsinin dayandırılması və ya azaldılması barədə heç bir müzakirənin aparılmadığını vurğulayıb.

“Xeyr, biz indi ümumiyyətlə o mərhələdə deyilik. Bu müddət ərzində nüvə məsələsi ilə bağlı detallar üzrə heç bir müzakirəmiz olmayıb”, - Bəqai bildirib.