“Mercedes-Benz” şirkəti Almaniyadakı müəssisələrinə yeni investisiyaları dondurmağı və bəzi zavodların bağlanması ehtimalını nəzərdən keçirir.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, şirkət rəhbərliyi həmkarlar ittifaqları ilə əməkhaqqı xərclərinin azaldılması barədə razılığa gələ bilməyib. Daha əvvəl işçilərə danışıqlarda irəliləyiş olmayacağı təqdirdə Almaniyadakı iki zavodun bağlana biləcəyi barədə xəbərdarlıq edilib.
Bu qərar Almaniya avtomobil sənayesinin ciddi böhran yaşadığı dövrə təsadüf edir. “Volkswagen” də daha əvvəl struktur dəyişiklikləri çərçivəsində ölkədə dörd zavodun bağlanmasını və minlərlə iş yerinin ixtisarını nəzərdə tutan plan açıqlayıb.
Mütəxəssislərin qiymətləndirməsinə görə, Çin istehsalçılarının rəqabəti və artan xərclər səbəbindən 2030-cu ilədək Almaniyanın avtomobil sənayesində azı 200 min iş yeri itirilə bilər.