ABŞ Prezidenti Donald Trampın, “McDonald’s” və “Burger King” şirkətlərinin “X” sosial şəbəkəsindəki köhnə paylaşımlarında yerləşən qısa linklər ələ keçirilib və başqa səhifələrə yönləndirilib.

Metbuat.az “New York Post” nəşrinə istinadən xəbər verir ki, naməlum şəxslər “Bitly” xidmətinin vaxtı bitmiş qısa linklərinə nəzarəti ələ keçirib və onların ünvanlarını dəyişib. Hesabların özü sındırılmayıb, dəyişən yalnız 2011-2013-cü illərin paylaşımlarındakı linklərdir.

Nəşrin yazdığına görə, “Burger King”in 2011-ci ildə restoran axtarışı üçün paylaşdığı link indi nasist konsentrasiya düşərgələri barədə "Wikipedia" səhifəsinə aparır. Həmin ilin başqa bir paylaşımı Hitlerin səhifəsinə yönləndirilib. “McDonald’s”ın 2011-ci il paylaşımındakı link 11 sentyabr terror aktının səhifəsinə yönləndirilib. Trampın 2013-cü il paylaşımı “Baby Fortnite” səhifəsinə, 2012-ci il paylaşımı isə Super Mario videosuna aparır. Nəşr Trampın təxminən 20 köhnə paylaşımının təsirləndiyini yazır. “Burger King” dəyişdirilmiş paylaşımlardan birini sildiyini bildirib.

“Bitly” bildirib ki, köhnə qeyri-aktiv linklərin yenidən istifadəsinə imkan verən problem aşkarlanıb, təsirə məruz qalanlinklər deaktiv edilir. Şirkətin təhlükəsizlik qrupu oxşar halların qarşısını almaq üçün qorunmanı gücləndirir.

Qeyd edək ki, “Bitly” uzun internet ünvanlarını qısa linkə çevirən geniş yayılmış xidmətdir.