Şimali Makedoniyada 1000-dən çox inək şəhərə daxil olub.

Metbuat.az xəbər verir ki, Şimali Makedoniyanın Kriva Palanka şəhərində nəzarətsiz dolaşan 1000-dən çox iribuynuzlu heyvan əhali üçün problem yaradıb. Məlumata görə, sahibsiz inəklər əkin sahələrinə ziyan vurmaqla yanaşı, şəhərin küçə və prospektlərinə də çıxıblar. Heyvanların avtomobil yollarında görünməsi nəqliyyatın təhlükəsizliyini də risk altına salıb. Bələdiyyə rəhbərliyi problemin həlli üçün hökumətə müraciət edərək 30 günlük fövqəladə vəziyyət elan olunmasını istəyib. Bələdiyyə mövcud imkanlarla vəziyyətə nəzarət etməyin mümkün olmadığını bildirib. Məlumata görə, heyvanların tutulması və təhlükəsiz ərazilərə köçürülməsi üçün əlavə maliyyə, texniki vasitələr və xüsusi nəqliyyat tələb olunur.

Bölgədəki fermerlərin də ciddi maddi itkilərlə üzləşdiyi bildirilir. Yerli mətbuata danışan fermerlərdən biri bundan əvvəl inəklərin tarlalarına girməsi nəticəsində 20 tondan çox kələminin məhv olduğunu və zərərinin 15 min avronu keçdiyini deyib. Bələdiyyə sakinlərin maddi itkilərini qeydə almaq üçün xüsusi sistem yaradıb.