ABŞ-də yolları buzlanmadan qorumaq üçün fərqli üsula əl atılıb.

Metbuat.az “Cbsnews”ə istinadən xəbər verir ki, ölkənin İllinoys ştatında qış mövsümünə hazırlıq çərçivəsində yollara qəhvəyi rəngli xüsusi maye püskürdülür. Bildirilir ki, üzvi tərkibli bu məhlul qar və buzun asfalt səthinə yapışmasının qarşısını almaq məqsədi daşıyır. Çikaqo yaxınlığındakı Kerol Strim bölgəsində bələdiyyə əməkdaşları ənənəvi yol duzundan istifadənin azaldılması üçün bu üsula üstünlük verirlər. Məlumata görə, yollara səpilən maye güclü qar yağmasından hətta bir gün əvvəl tətbiq oluna bilir. Bildirilib ki, bu üsul daha az duzdan istifadə etməklə yolları qar və buzdan daha tez təmizləməyə imkan verir. Yeni metodun tətbiqində əsas məqsədlərdən biri ətraf mühitə dəyən zərəri azaltmaqdır. Məlumata görə, qar və buzun əriməsi zamanı yol duzu yağış və ərimiş sularla birlikdə çaylara, göllərə və yeraltı sulara qarışa bilir. Bu isə su ehtiyatlarına mənfi təsir göstərir. Buna görə də üzvi tərkibli mayenin ənənəvi duza alternativ kimi istifadəsi genişləndirilir.