ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə keçirəcəyi görüşlərdə İran, nüvə silahlarının azaldılması, Rusiya-Ukrayna müharibəsi və iqtisadi-ticarət məsələlərini müzakirə edəcəklərini bildirib.
Metbuat.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, Tramp Çin və Filippinə səfəri öncəsi Ağ Evdən ayrılarkən jurnalistlərin suallarını cavablandırıb.
O, üçtərəfli görüşdə nüvə silahlarından imtina məsələsinin də gündəmdə olacağını deyib. Tramp bunun çətin mövzu olduğunu vurğulayaraq, heç bir ölkənin nüvə arsenalından tamamilə imtina etməyə asanlıqla razılaşmayacağını bildirib.
ABŞ Prezidenti Rusiya-Ukrayna müharibəsinə də toxunub. O, Ukraynanın müharibəni uduzduğunu, Rusiyanın isə ayda 25 min hərbçi itirdiyini iddia edib. Tramp Putinin müharibə ilə bağlı mövqeyində müəyyən geri çəkilmə olduğunu düşündüyünü də söyləyib.
Tramp Çin səfəri zamanı Şimali Koreya lideri Kim Çen Inla görüş ehtimalını da istisna etməyib. Onun sözlərinə görə, belə bir görüş bir sıra məsələlərdə irəliləyişə imkan yarada bilər.
ABŞ Prezidenti Çinlə münasibətlər barədə danışarkən ölkəsinin hərbi baxımdan əvvəlkindən daha güclü olduğunu vurğulayıb.
Tramp həmçinin Meksikanı ABŞ istiqamətində hərəkət edən miqrant karvanlarını dayandırmağa çağırıb. Əks halda Meksikaya yüksək gömrük rüsumları tətbiq edilə biləcəyini bildirib.