ABŞ-də “Chase”, “Bank of America” və “Wells Fargo” da daxil olmaqla bir sıra bankların onlayn xidmətlərində ciddi problemlər yaranıb.

Metbuat.az “Milliyet”ə istinadən xəbər verir ki, müştərilər hesablarında daxil olmaq və pul köçürmələri həyata keçirməkdə çətinlik çəkiblər. Məlumata görə, “US Bank” və “Capital One” da problemlə üzləşən maliyyə qurumları arasındadır. ABŞ-də geniş istifadə olunan “Zelle” rəqəmsal ödəniş sistemi vasitəsilə köçürmələrdə də çətinliklər yaşandığı bildirilib. “Chase” bankı yaranmış problemlə bağlı müştərilərdən üzr istəyib və nasazlığın aradan qaldırılması üzərində çalışdığını açıqlayıb. Nasazlığın kiberhücumla əlaqəli olub-olmadığı isə hələlik məlum deyil.

Qeyd edək ki, ABŞ bir həftə ərzində ikinci böyük texniki problemlə üzləşib. Noyabrın 13-də Federal Aviasiya Administrasiyasının hava hərəkətini idarəetmə mərkəzlərində yaranan rabitə nasazlığı səbəbindən ölkə üzrə bütün hava limanlarında uçuşlar müvəqqəti dayandırılmışdı. Dörd saatdan çox davam edən məhdudiyyət minlərlə reysin gecikməsinə və ləğvinə səbəb olmuşdu. Nəqliyyat naziri Şon Daffi həmin hadisənin kiberhücum deyil, köhnəlmiş avadanlıqla bağlı texniki nasazlıq olduğunu bildirmişdi.