Fransa Futbol Federasiyasının prezidenti Filip Diallo FİFA rəhbərliyinə namizədliyini irəli sürməyə hazırlaşır.

Metbuat.az “haber Global”a istinadən xəbər verir ki, o, qarşıdan gələn prezident seçkilərində hazırkı qurum rəhbəri Canni İnfantinoya rəqib ola bilər. UEFA-nın açıqlamasına görə, İcraiyyə Komitəsinin üzvü olan Diallo namizədlik təklifini qəbul edib. Qərarın Fransa Futbol Federasiyasının keçirəcəyi iclasda təsdiqlənməsi gözlənilir. Məlumata görə, UEFA İcraiyyə Komitəsində təmsil olunan milli federasiyalar Diallonu dəstəkləyib. Federasiyalar FİFA-nın idarəçiliyindən ciddi narahatlıq keçirdiklərini və dünya futbolunda birliklə etimadın bərpasına ehtiyac olduğunu vurğulayıblar.

Qeyd edək ki, FİFA prezidentliyi uğrunda seçkilər gələn ilin martında keçiriləcək. Fransa da FİFA-nın prezidenti Canni İnfantinoya dəstəyini geri çəkən federasiyalardandır. Diallo sentyabr ayında qurumun idarəçiliyinin futbolun təmsil etdiyi dəyərlərə uyğun olmadığını bildirmişdi. 63 yaşlı funksioner 2023-cü ilin iyunundan Fransa Futbol Federasiyasına rəhbərlik edir.