"Böyük Britaniya Avropa İttifaqının və digər ölkələrin Rusiyadan enerji asılılığını azaltmaq, hətta tamamilə aradan qaldırmaq istiqamətində səylərini dəstəkləyir".

Metbuat.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman mətbuat konfransında Avropa ölkələrinin Rusiya enerji resurslarından asılılığının azaldılması ilə bağlı sualı cavablandırarkən bildirib.

Səfir qeyd edib ki, Böyük Britaniyanın enerji sahəsindəki mövqeyi Avropa İttifaqından müəyyən qədər fərqlənir.

“Böyük Britaniya enerji təminatı baxımından Avropa İttifaqından bir qədər fərqli vəziyyətdədir. Hazırda enerji ehtiyaclarımızın böyük hissəsi bərpaolunan enerji mənbələri hesabına qarşılanır və biz əvvəlki dövrlərlə müqayisədə daha az enerji idxal edirik”, - deyə diplomat bildirib.

Dunkan Norman vurğulayıb ki, Avropa İttifaqı və digər ölkələr Rusiyadan enerji asılılığını azaltmaq istiqamətində addımlar atmalıdırlar.

“Mövcud şəraitdə Rusiya heç bir halda etibarlı tərəfdaş hesab edilə bilməz. Başqa bir ölkənin ərazisinə birtərəfli qaydada hərbi müdaxilə etmək qərarı verən dövlət etibarlı tərəfdaş ola bilməz”, - deyə səfir qeyd edib.

Diplomat əlavə edib ki, Böyük Britaniya Avropa İttifaqının və digər ölkələrin Rusiyadan asılılığını azaltmaq, mümkün olduğu təqdirdə isə bu asılılığı tamamilə aradan qaldırmaq istiqamətində səylərini dəstəkləyir.