Antalyada keçirilən BMT İqlim Dəyişikliyi Konfransının (COP31) 9-cu günü dənizlərin, sahil ekosistemlərinin və meşələrin qorunmasına həsr olunub.
Metbuat.az NTV telekanalına istinadən xəbər verir ki, noyabrın 17-si üçün konfransın əsas mövzusu “Okeanlar, dənizlər, təbiət və torpaqdan istifadə” müəyyən edilib. Gün ərzində dəniz və sahil ekosistemlərinin mühafizəsi, meşələrin qorunması, sıfır tullantı və iqlim dəyişikliyi ilə mübarizədə təbiətə əsaslanan həllər müzakirə olunur.
COP31-in sədri, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum D-8 təşkilatının iqlim əməkdaşlığına həsr olunan yüksəksəviyyəli toplantısında iştirak edəcək. D-8 səkkiz inkişaf edən İslam ölkəsini birləşdirir, Azərbaycan üzv deyil. Görüşdə təmiz enerji, iqlim maliyyəsi və ekoloji dayanıqlılıq məsələləri nəzərdən keçiriləcək. Kurum 2030-cu ilədək istixana qazı emissiyalarının azaldılması hədəfləri üzrə nazirlər səviyyəsində müzakirələrə də qatılacaq.
Günün diqqətçəkən tədbirlərindən biri dünya rekordçusu sərbəst dalğıc Şahika Ercümenin iştirakı ilə keçiriləcək. İdmançı saat 14:30-da su altında nəfəsini saxlayaraq dənizlərin qorunmasına diqqət çəkmək üçün “Dənizlərə ehtiram” aksiyası keçirəcək. Proqramda dəniz tullantılarının azaldılması, sahil şəhərlərinin iqlim dəyişikliyinə davamlılığı və Aralıq dənizinin qorunması ilə bağlı toplantılar da var.
Azərbaycan COP31-də
Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev dünən Antalyada meşə yanğınlarına qarşı inteqrasiya olunmuş idarəetmə üzrə yüksəksəviyyəli dialoqda çıxış edib. Report-un məlumatına görə, o bildirib ki, Azərbaycan və Türkiyə Cəbrayılda 40 hektar ərazidə meşə təlim mərkəzi yaradıb, mərkəz ildə 2 milyon ting yetişdirəcək. Babayev eyni gün iqlim maliyyəsi üzrə tədbirdə COP29-da qəbul edilmiş hədəfi xatırladıb. Həmin hədəfə görə, inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilədək ildə ən azı 300 milyard dollar ayrılmalıdır.
Qeyd edək ki, COP31 noyabrın 9-da başlayıb və noyabrın 20-də başa çatacaq. Konfransın ikinci həftəsində iqlim maliyyəsi, emissiyaların azaldılması və Paris Sazişi üzrə öhdəliklərə dair danışıqlar davam edir.
Foto: Anadolu Ajansı