Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda toran vaxtı 149 yol qəzası baş verib, bu, ötən ilin eyni dövründən 27,4 faiz çoxdur.
Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 838 yol qəzası baş verib, bu qəzalarda 500 nəfər həlak olub, 640 nəfər yaralanıb. qəzaların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz azalıb.
Qəzalarda ümumilikdə 1140 nəfər zərər çəkib, bu, ötən ildən 9,8 faiz azdır. Yaralananların sayı 15,5 faiz azalsa da, həlak olanların sayı cəmi 1,4 faiz azalıb. Ötən ilin 9 ayında qəzalarda 507 nəfər həlak olmuşdu.
Qəzaların 695-i yaşayış məntəqələrində, 143-ü isə magistral avtomobil yollarında qeydə alınıb. Yaşayış məntəqələrində qəzaların sayı 9,6 faiz azalıb, magistral yollarda isə 5,1 faiz artıb.
Hadisələrin 41,8 faizi gecə, 40,4 faizi gündüz, 17,8 faizi isə toran vaxtı baş verib. Toran vaxtı qeydə alınan qəzaların sayı ötən illə müqayisədə 27,4 faiz artıb. Qəzaların 34 faizi şənbə və bazar günlərinə təsadüf edib.
Yol örtüyünün vəziyyətinə görə qəzaların 799-u quru yollarda, 39-u isə yaş, buzlu və digər yol şəraitində baş verib. Quru yol örtüyündə hadisələrin sayı 8,4 faiz azalıb, digər yol şəraitində isə 18,2 faiz artıb.
Bütün yol-nəqliyyat hadisələrinin 42,2 faizi nəqliyyat vasitələri ilə piyadaların, 37,1 faizi bir neçə nəqliyyat vasitəsinin, 20,7 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Qəzalarda ölənlərin 76,8 faizini, yaralananların isə 72,2 faizini kişilər təşkil edib.
Qeyd edək ki, ötən ilin yanvar-sentyabr aylarında ölkədə 905 yol qəzası qeydə alınmışdı. Həmin dövrdə 507 nəfər həlak olmuş, 757 nəfər yaralanmışdı.